Cəfər Rəmzi
Cəfər Rəmzi (tam adı: Cəfər Balaəmi oğlu İsmayılzadə; 9 aprel 1905, Mərdəkan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 11 sentyabr 1996, Bakı, Azərbaycan) — Azərbaycan şairi, ədəbiyyatşünas, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1968), Əmək veteranı (1977), Elm veteranı (1988).
Cəfər Rəmzi 1905-ci il aprelin 9-da Bakının Mərdəkan kəndində, əkinçi ailəsinı doğulmuşdur. Burada dördsinifli məktəbdə ibtidai təhsil almış (1913–1917), sonra bir müddət əkinçiliklə məşğul olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Mərdəkan gənclər özəyinin kitabxanasında işləmişdir (1920–1922). Bakı Darülmüəllimində (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsilini davam etdirmişdir (1922–1927). APİ-nin dil və ədəbiyyat fakültəsini bitirmişdir (1929–1932). Bundan sonra uzun illər Bakı, Quba və Qazax orta məktəblərində müəllimlik etmişdir. APİ-nin Tarix fakültəsində qiyabi təhsil almış (1941–1942), Azərbaycan EA Şərqşünaslıq İnstitunun İran filologiyası şöbəsində işləmişdir (1958–1990). 1968-ci ildə "Yəğma Cəndaqinin poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Bədii yaradıcılığa 15 yaşından başlamış, şeirlərini "Sufi" təxəllüsü ilə yazıb-yaratmışdır (1954-cü ildən).